ELM VƏ TƏHSİL
“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çap olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, dilçilik elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində dil tarixi və dialektologiya, Azərbaycan dili və terminologiya, nəzəri dilçilik, türk dillərinə aid məqalələr dərc edilib. Jurnalın dil tarixi və dialektologiya bölməsində AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Orta əsrlər Azərbaycan lüğətçiliyinə bir baxış” məqaləsində lüğətlər dilçiliyin inkişafına yönləndirilən bir sərvət kimi dəyərləndirilib. Burada Azərbaycan lüğətçiliyinin ilk nümunələrindən geniş söhbət açılır. Türk dillərinə aid araşdırmalar dosent B.Məhərrəmlinin, A.Məşədiyevanın və E.Əliyevanın məqalələrində əksini tapıb.
“Elmi həyat” bölməsində isə filologiya elmləri doktoru Mayıl Əsgərovun “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransa dair məqaləsində multikulturalizm Azərbaycan xalqının mənəvi dəyərlərinin tərkib hissəsi kimi dəyərləndirilib.
Dosent Təranə Şükürlünün “Birinci Türkoloji Qurultay – Türk xalqlarının elmi-mədəni birliyinə ortaq milli-mənəvi dəyərlərinin inkişafına geniş üfüqlər açan əlamətdar hadisə” məqaləsində isə 2016-cı ilin noyabrında Bakıda Türkoloji Qurultayın 90 illiyinə həsr edilən konfransın əhəmiyyətindən bəhs olunur.
Nəşrin resenziya hissəsində isə dosent Güntəkin Binnətovanın “Məmməd Cəfərzadə - Azərbaycan dili sintaksisinin yorulmaz tədqiqatçısı” məqaləsi, “Personalia” bölməsində akademik Tofiq Hacıyevin 80 illik yubileyi haqqında “Tofiq Hacıyev - 80”, eləcə də “Möhsün Nağısoylu - 70” və “ İsmayıl Məmmədli - 70” məqalələri oxuculara təqdim edilir.
Jurnalın baş redaktoru M.Nağısoylu, buraxılışa məsul şəxs isə institutun elmi işçisi Vəfa İbadovadır.