ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunun yarımillik hesabatı dinlənilib
Bakı, 29 iyun, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda institutun 2022-ci il üçün 6 aylıq hesabatı dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda müəssisənin baş direktoru filologiya elmlər doktoru, professor Nadir Məmmədli tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib. Nadir Məmmədli bildirib ki, hesabat ilinin 6 ayı ərzində institutun 12 şöbəsində, 1 sektorunda və 1 laboratoriyasında 1 istiqamət üzrə, 15 problem, 20 mövzu və 118 iş yerinə yetirilməkdədir.
Elmi müəssisənin şöbə müdirləri 2022-ci ilin altı ayı ərzində görülən işlər barədə hesabatla çıxış ediblər.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb.
Müəssisənin elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirib ki, hesabat ilinin 6 ayı ərzində institutun əməkdaşlarının 9 monoqrafiyası, 2 kitabı, 140 (5-i impakt faktorlu, 30-u xaricdə) məqaləsi çap olunub.