ELM VƏ TƏHSİL


“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub VİDEO

Bakı, 10 yanvar, AZƏRTAC 

Yanvarın 10-da Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbirdə AMEA, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər təhsil müəssisələrinin filologiya üzrə alimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar görkəmli alimin XX əsrin 50-60-cı illərindən kitabxanada saxlanılan kitablarının sərgisi ilə tanış olublar. Sərgidə Afad Qurbanovun Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkoloji dilçiliyə dair dərslikləri və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif tarixlərdə sovet dövrünün görkəmli alimləri tərəfindən ona hədiyyə olunmuş nəşrlər yer alıb.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın öz müəlliminə həsr etdiyi “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu görkəmli dilçi alimin həyat və yaradıcılığından danışıb və onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan dilçiliyində elmi məktəbin banisi Afad Qurbanov ömrünün 50 ilini elm və təhsilimizə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına töhfələr verib, fundamental əsərlər yaradıb, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan olub.

Qeyd edilib ki, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan bu görkəmli alim “Azərbaycan ədəbi və danışıq dili”, “Müasir Azərbaycan ədəbi dili”, “Ümumi dilçilik” (I, II cildlər), “Türkoloji dilçilik” (5 cilddə), "Müasir Azərbaycan ədəbi dili” (2 cilddə), “Azərbaycan dilçiliyi problemləri” (3 cilddə), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası”, “Azərbaycan onomastika məsələləri”, “Dünyanın dilailələri”, “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan dilçiliyi problemləri”, “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) kimi sanballı monoqrafiya və dərsliklərin müəllifidir.

Kitabın müəllifi S.Sadıqova bildirib ki, Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada görkəmli alim Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunur.

Təqdimat mərasimində Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev, AMEA-nın müxbir üzvü Vəli Əliyev, Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov və başqa alimlər çıxış ediblər.

Çıxışlarda Afad Qurbanov elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadım, əsl müəllim və alim kimi xarakterizə edilib. Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, ziyalılıq mücəssəməsi Afad Qurbanovun gələcək nəslə tanıdılması baxımından təqdim olunan kitabın əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.