ELM VƏ TƏHSİL
Dillər Universitetində Çin dilinin tədrisinin perspektivlərindən bəhs olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin dilinin tədrisi ilə bağlı elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov ölkəmizdə Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı, eləcə də respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkənin hökumətləri tərəfindən qarşılıqlı təqaüdlərin verilməsindən danışıb. O, ötən il Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Tədbirdə Konfutsi İnstitutunun Çin tərəfdən müdiri xanım Li Jinhua tələbə mübadiləsi, institutun təqaüdləri, Çində təşkil edilən yay düşərgələri, bu ölkənin mədəniyyəti və tarixi üzrə keçirilən “Çin körpüsü” müsabiqəsi haqqında danışıb. Həmçinin xarici tələbələr arasında keçirilən HSK imtahanının (Çin dili səviyyəsi imtahanı) tarixi, strukturu, məzmunu və şərtləri barədə məlumat verib.
Sonda ADU-nun ötən tədris ilində Çinin Şenyan Pedaqoji Universitetində təhsil alan tələbələri təəssüratlarını bölüşüblər.