ELM VƏ TƏHSİL
Dillər Universitetinin məzunu şəhid Teymur Osmanlının xatirəsi anılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Teymur Osmanlının xatirəsi anılıb. ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Roman dillərinin praktikası və nəzəriyyəsi kafedrasının müdiri Aynur Quliyeva, Pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və Əlavə təhsil şöbəsinin müdiri Məmməd Əliyev Teymur Osmanlının şəhidlik zirvəsinə yüksəldiyi günün ildönümündə onun valideynləri ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, ADU-nun kollektivi şəhidin valideynlərinə başsağlığı verib, məzarını ziyarət ediblər. Görüş zamanı Teymurun şərəfli ömür yolundan, tələbəlik illərindən, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazan Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yaddaşlarda əbədi qalacağı vurğulanıb.
Qeyd edək ki, Teymur Osmanlı ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.