İQTİSADİYYAT
Dilqəm Şərifov: Neftçala Magistral Kanalı 20 min 205 hektar əkin sahəsinə xidmət edir

Neftçala, 3 iyun, AZƏRTAC
Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatlarından səmərəli istifadə olunması önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sektor müdiri Dilqəm Şərifov bildirib. Qurum rəsmisi qeyd edib ki, Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir. Bu da göstərir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Onun sözlərinə görə, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. 2017-ci il sentyabrda Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Neftçala Magistral Kanalı nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyalarından ibarətdir.
D.Şərifov əlavə edib ki, nasos stansiyasının ümumi məhsuldarlığı 14,4 m3/san, ümumi gücü 5040 kvt, beton üzlüklü beton kanalın uzunluğu 24,9 km-dir. Neftçala Magistral Kanalı 20 min 205 hektar əkin sahəsinə xidmət edir.