ELM VƏ TƏHSİL
Dilşad Ağaverdiyeva: Ümid edirəm ki, sentyabrdan mən də müəllimlər ordusuna qoşulacağam
Bakı, 23 avqust, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 54 bal toplamışdım. Müsahibə mərhələsi də normal keçdi. Komissiya üzvlərinin suallarını cavablandırdım. Ümid edirəm ki, sentyabrdan mən də müəllimlər ordusuna qoşulacağam.
Bu fikri AZƏRTAC-a müsahibəsində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən Dilşad Ağaverdiyeva deyib. O bildirib ki, müsahibə mərhələsi gözlədiyi qədər də çətin olmayıb. “Mən texnologiya ixtisası üzrə sənədlərimi təqdim etmişəm. Müsahibədə komissiya üzvləri əl işlərimlə də tanış oldular, çox bəyəndilər. Müsabiqədən uğurla keçməyi, bilik və bacarıqlarımı şagirdlərlə bölüşməyi çox arzulayıram”, - deyə Dilşad Ağaverdiyeva qeyd edib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı verilib.
Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.