CƏMİYYƏT
“Din və media” mövzusunda yazı müsabiqəsi elan edilib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurası 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edir.
Şuradan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (600 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 6 yazı müəllifinə (hər biri 150 manat) həvəsləndirici mükafatlar veriləcək. Müsabiqənin nəticələri 2019-cu il 23 iyul tarixində açıqlanacaq.
Müsabiqəyə 2019-cu il iyulun 1-dən iyulun 15-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazıların həcmi 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Müəlliflərin yazıları şəxsən və ya elektron qaydada təqdim edilə bilərlər.