SİYASƏT
Dinc aksiyamız ermənilərin qanunsuzluqlarına qarşı yönəlib
Şuşa, 27 dekabr, Elmir Səftərov, AZƏRTAC
Aksiyanın ilk günündən bu ərazidəyəm və tələblərimiz hər kəsə məlumdur. Ekoloqlarla yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər və fəallar bu aksiyaya qoşulmaqda davam edirlər. On altı gündür davam edən aksiyanın tempi isə aşağı düşməyib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasının iştirakçısı Amin Məmmədov söyləyib.
Aksiya iştirakçısı qeyd edib ki, burada olan hər kəs eyni şüarı səsləndirərək, ərazilərimizdə təbii sərvətlərin qanunsuz talanmasına son qoyulmasına çağırışlar edir.
“Ermənistan guya bizim Laçın-Xankəndi yolunu bağladığımızı deyir. Amma bu, qətiyyən belə deyil, yol humanitar məqsədlər üçün açıqdır. Bizim yolu bağlamaq kimi niyyətimiz yoxdur. Aksiyamız dinc şəkildə ermənilərin qanunsuzluqlarına qarşı yönəlib”, - deyə Amin Məmmədov vurğulayıb.