QAN YADDAŞI
Dinc əhalinin vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını göstərir
Tərtər, 20 fevral, AZƏRTAC
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq keçirilən “Şəhid Xocalım” adlı tədbirdə səsləndirilib. Müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalı soyqırımı nəticəsində şəhərin 5 min 379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Vurğulanıb ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Tədbirdə məktəblilər tərəfindən hazırlanmış kompozisiya təqdim edilib. Sonda Xocalı faciəsini özündə əks etdirən videoçarx nümayiş olunub.