REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib VİDEO
Daşkəsən, 25 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı avqustun 25-də Daşkəsəndə vətəndaşları qəbul edib. Qəbulda Daşkəsənlə yanaşı, Gəncə, Samux, Göygöl, Kəlbəcər və Xocalı sakinləri də iştirak ediblər.
Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün əlaqədar qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.
Müraciətlər əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və digər məsələlərlə bağlı olub.