REGİONLAR
Dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, seminar-treninqdə rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və fəal gənclər iştirak ediblər.
Seminar-treninqi açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Respublikamızda ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilir. Respublikamızda heç zaman dinlərarası və məzhəblərarası qarşıdurma baş verməyib.
İslamın sülh və əmin-amanlıq dini olduğunu diqqətə çatdıran sədr müavini vurğulayıb ki, İslam yalnız inanc, mənəvi dəyərlər sistemi deyil, fərdlə yanaşı, cəmiyyəti də öz prinsiplərinə uyğun formalaşdırmağı qarşısına məqsəd qoyan və ilahi mahiyyət daşıyan dəyərlər sistemidir. Ancaq bu dəyərlər sistemi bütün digər idarəçilik sistemlərini və siyasi quruluşları rədd etməyə, nəyin bahasına olursa olsun məhz teokratik dövlət qurmağa çağırmır. O, müsəlmanları dünyada və axirət həyatında xoşbəxt etməyi qarşısına məqsəd qoyur, amma bunun üçün şəriət qanunları ilə idarə olunan, İslamı siyasi ideologiya kimi qəbul edən dövlətin qurulmasını vacib hesab etmir. Əgər mövcud idarəçilik forması onlara həm dünya, həm də axirət xoşbəxtliyi naminə çalışmaq imkanı yaradırsa, müsəlmanlar nəinki həmin dövlətə qarşı çıxmamalı, hətta onu qorumalıdırlar.
DQİDK-nın sədr müavini deyib ki, dinin dünya həyatı ilə bağlı qarşısına qoyduğu əsas hədəfləri var. Bu hədəflər təməl insan hüquqlarını – vicdan azadlığını, mülkiyyət, ailə və sağlamlıq hüququnu qorumaq, eləcə də cəmiyyətdə ədalət anlayışını maksimum təmin etməkdir.
Komitənin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən qoparılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlindiyini bildirib. Vurğulayıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir. Dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.