Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367, № 11, maddə 1257, № 12, maddə 1443; 2016, № 12, maddə 1985) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.”.

2. 21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.”.

3. 24-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin