REGİONLAR
Dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür
Kürdəmir, 20 dekabr, AZƏRTAC
Kürdəmirdə rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ən iri yaşayış məntəqələrindən olan Sığırlı kəndində keçirilən tədbirdə icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxış edərək bildirib ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına daimi xüsusi önəm verir. Ölkəmizdə son illərdə aparılan geniş maarifləndirmə işlərinin əhəmiyyətindən danışan natiq bu cür tədbirlərin keçirilməsinin zamanın tələbi olduğunu vurğulayıb. O, diqqətə çatdırıb ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə ən önəmli məsələlərdəndir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında dini radikalizmin cəmiyyətə, xüsusilə gənclərə göstərdiyi mənfi təsirdən bəhs edib. Radikalizmlə mübarizədə ən güclü silahın məhz elm və təhsil olduğunu, təhsilli gənclərin isə radikal qrupların təsiri altına düşməsinin mümkün olmadığını vurğulayıb. İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin zəruri olduğunu qeyd edən natiq bildirib ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür.
Tədbirdə Kürdəmir şəhər məscidi dini icmasının sədri Aqil Əliyev Azərbaycan ərazisində tarixən formalaşan dini dəyərlərin hər zaman radikalizmlə əks qütbdə dayandığını, radikal ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olduğunu bildirib. O, dini radikalizmə qarşı mübarizədə dindarların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.