CƏMİYYƏT
Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu müzakirə olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda radikal və qeyri-ənənəvi dini təriqətlərə, cərəyanlara qarşı ardıcıl və sistemli mübarizə aparılır. Maarifçilik tədbirləri bu istiqamətdə əhəmiyyətli rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İsmayıllı rayonunda Gənclərin Yaradıcılıq Mərkəzində keçirilən “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfransda söz açılıb.
Tədbir rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
İştirakçılar əvvəlcə “Şəhadət” filminə baxıblar.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nın şöbə müdiri Rəhim Rəhimli, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin psixoloqu Ülkər Məhərrəmova çıxış edərək, filmin dəyərlərindən, vətənpərvərlik tərbiyəsində oynadığı əvəzsiz rolundan danışıb, radikal dini cərəyanlara qarşı mübarizə yollarını şərh ediblər.
Kollecin direktoru Kəmalə Süleymanlı bildirib ki, radikal dini cərəyanlara qoşulanların acı taleyindən bəhs edən “Şəhadət” filmi gənclər arasında təbliğatın aparılmasında mühüm rol oynayır. “Şəhadət” filmi tərbiyə işi və mübarizə üçün ənənəvi İslam təriqətinə mənsub insanlara geniş fəaliyyət imkanları yaradır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin və rayon polis şöbəsinin əməkdaşları çıxışlarını konkret faktlar əsasında quraraq, radikal dini cərəyan və təriqətlərə qoşulanların ailələrinə gətirdikləri bədbəxtliklərdən danışıblar.
Tədbir diskussiya şəraitində davam edib.