CƏMİYYƏT


“Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən N hərbi hissəsində “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadla xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin müavini Elsevər Fətəliyev bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətindən bəhs edib. E.Fətəliyev, eyni zamanda, ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. Sədr müavini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu xüsusi olaraq qeyd edib. Sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın tolerant dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının Azərbaycanın dövlət siyasəti səviyyəsində həyata keçirildiyini, eləcə də hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyini bildirib. Ölkəmizdə multikultural dəyərlərin qorunub saxlandığını da diqqətə çatdıran S.Heydərov 44 günlük Vətən müharibəsindən də danışaraq deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dinindən və millətindən asılı olmayaraq hər bir azərbaycanlı yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi.

Azərbaycanda dini durumun tam sabit olduğunu vurğulayan sədr müavini qeyd edib ki, ancaq bu gün ölkəmizdəki sabitliyi, inkişafı gözü götürməyən bəzi xarici qüvvələr var və onlar siyasi müstəvi ilə yanaşı, dini zəmində də Azərbaycana təsir göstərməyə, müxtəlif zərərli dini ideologiyaları ölkəmizə ixrac etməyə çalışırlar: “Əlbəttə, dövlətimiz güclüdür, respublikamızda həm hüquqi müstəvidə, həm də maarifləndirmə baxımından bu cür təhdidlərin qarşısını almaq üçün lazımi tədbirlər görülür”. Onun sözlərinə görə, hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq cəhdləri ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Bunu Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.