REGİONLAR
Dinin gənc nəslə düzgün çatdırılmasında din xadimlərinin üzərinə önəmli vəzifə düşür
Sumqayıt, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük konfrans keçirilir.
Konfransa DQİDK və Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin məsul şəxsləri, dini icma sədrləri, din xadimləri, şəhər hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, eləcə də təhsil işçiləri qatılıblar.
AZƏRTAC xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı açan Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Azərbaycanda dövlət-din siyasəti, milli-mənəvi dəyərlər və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, respublikamızda müxtəlif konfessiyalara aid ibadət yerlərinin - məscid, kilsə və sinaqoqların təmir-bərpasına, yenilərinin inşasına xüsusi diqqət yetirilir. Əsası müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin təməlində azərbaycançılıq ideologiyasının dayandığını xüsusi vurğulayan T.Səmədov, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü konsepsiyanın, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində müstəsna əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev respublikamızda dini etiqad azadlığının təmin edilməsi, xüsusilə Dövlət Komitəsinin dövlət-din münasibətlərinin tənzimlənməsi, yad dini ideologiyaların yayılmasına, cəmiyyətdə kök atmasına qarşı həyata keçirdiyi dini maarifləndirmə tədbirlərindən danışıb. Komitə rəsmisi ölkəmizdə mövcud olan nümunəvi tolerant, multikultural mühit, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, dini ibadət yerlərinə, din xadimlərinə göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, ölkəmizdə fəaliyyət göstərən dini qurumlara Prezident İlham Əliyevin sərəncamı ilə mütəmadi olaraq maliyyə yardımı ayrılır.
Dinin gənc nəslə düzgün çatdırılmasının əhəmiyyətinə də toxunan S.Nağıyev vurğulayıb ki, bu baxımdan din xadimlərinin üzərinə önəmli bir vəzifə düşür. Onlar məzhəbçiliyi və dini təəssübkeşliyi təbliğ edən xarici radikal dini mərkəzlərin ideoloji-psixoloji təsirinə qarşı mübarizə aparmalı, məscidlərdə, müxtəlif dini ibadət yerlərində vətəndaşlarla ünsiyyət zamanı məzhəbçiliyə, mövhumata imkan verməməli, maarifləndirmə işlərini davam etdirməlidirlər.
Milli Məclisin deputatı Müşfiq Məmmədli isə çıxışında Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edildiyini və bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb. Tolerantlığın Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən birini təşkil etdiyini bildirən Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizdə dünyəvi dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, dini sahədə sabitlik qorunur, konfessiyalar arasında qarşılıqlı anlaşma və etimad təmin edilir. Eyni zamanda, M.Məmmədli dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq, bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla birgə həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
Baş Prokurorluğun nümayəndəsi Asim Yusifov və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev çıxışlarında respublikamız üçün dinin siyasiləşdirilməsi təhlükəsinin o qədər də aktual olmadığını bildiriblər. Buna baxmayaraq, ölkəmizin müstəqil daxili və xarici siyasətinə müxtəlif yollarla təsir etməyə cəhd göstərən, onun uğurlarını gözü götürməyən kənar dairələrə qarşı effektiv mübarizə aparıldığını qeyd ediblər.
Natiqlər dini ektremizmə və radikalizmə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də danışıblar.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev Azərbaycanda milli, irqi və dini zəmində ayrı-seçkilik hallarının olmadığını, bunun dini-mədəni müxtəliflik, tolerant və multikultural dəyərlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb: “Təbii ki, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı müasir dövrdə milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanılması xüsusilə din xadimlərindən mənəvi məsuliyyət tələb edir”. Şöbə müdiri onu da deyib ki, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin təbliği və daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Respublikamız dinlərarası və mədəniyyətlərarası dialoqa dünyada sülhün və sabitliyin təmin olunmasının mühüm vasitələrindən biri kimi baxır.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdərov çıxışında dövlətin dinə və dindarlara qayğısına, eləcə də xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə, gənclərin dini cəhətdən maarifləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib.
Konfransın bugünkü iş günü müzakirələrlə yekunlaşıb.