CƏMİYYƏT


Diplomatik korpusun nümayəndələri ilk “DOST” mərkəzi ilə tanış olublar YENİLƏNİB

Bakı, 11 iyul, AZƏRTAC 

İyulun 11-də 50-dən çox ölkənin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri, müşavirləri, habelə beynəlxalq təşkilatların ölkəmizdəki daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk "DOST" mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Qeyd edilib ki, "DOST" mərkəzi hər gün orta hesabla 400-dən çox vətəndaşa xidmət edir. Hazırda "DOST" mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir və gələcəkdə bu xidmətlərin sayı daha da artırılacaq. 2019-2025-ci illərdə bütün ölkə üzrə 31 "DOST" mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Diplomatik korpus nümayəndələrinə Azərbaycanın "DOST" layihəsinə, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətləri barədə ətraflı məlumat verib. O vurğulayıb ki, geniş miqyasda aparılan bu islahatlar ölkədə ildən-ilə güclənən sosial siyasətin təzahürü olmaqla, həm əhalinin rifah halının yüksəldilməsi istiqamətində ciddi addımların atılmasına, həm də dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəldilməsinə imkan verib.

S.Babayev cari il ərzində dövlət başçısının təqdim etdiyi iki mühüm sosial paketin birbaşa olaraq 4.2 milyon vətəndaşın əməkhaqqı, pensiya, müavinət və təqaüd formasında gəlirlərinin ciddi şəkildə artmasına, habelə sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olduğunu, nəticə etibarilə hər bir ailənin rifahına müsbət təsir göstərdiyini qeyd edib. Nazir, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, “DOST” konsepsiyası barədə məlumat verib.

Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb. O, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər, o cümlədən “Məşğulluq” alt sistemindən, onun əmək bazarı üçün faydalarından, ölkəmizdə ilk dəfə sosial reyestr olaraq yaradılan “e-sosial” internet portalının əhəmiyyətindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.