CƏMİYYƏT
Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun şəxsi heyəti koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım göstərib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları, ümumilikdə, 50 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim ediblər. Polis əməkdaşları, həmçinin baş çəkdikləri ailələrdə maarifləndirici söhbətlər apararaq onlara karantin qaydalarına riayət etməyi tövsiyə ediblər.
Yardım edilən şəxslər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, eləcə də daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.