SİYASƏT


“Diplomatisches Magazin” jurnalı birinci Almaniya-Azərbaycan Biznes Dialoqu haqqında yazıb

Berlin, 6 fevral, AZƏRTAC

“Diplomatisches Magazin” jurnalının fevral nömrəsində 2018-ci il noyabrın 28-də Berlində keçirilmiş birinci Almaniya-Azərbaycan Biznes Dialoqu haqqında məqalə dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə Almaniya Bundestaqının Xristian Demokratlar Partiyasından olan deputatı Mark Hauptmanın giriş sözü ilə çıxış edərək “Azərbaycan Almaniyanın Cənubi Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşıdır” söylədiyi qeyd olunur.

Bildirilir ki, biznes dialoqunun Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Almaniya İqtisadiyyatının Şərq Komitəsi və Almaniya Azərbaycan Forumu kimi güclü tərəfdaşları var, tədbir, həmçinin Uniper, Gilan Holding, SOCAR, Azpromo, Pasha Bank, Granata MMC, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Heerenknecht AG kimi şirkət və təşkilatlar tərəfindən dəstəklənib. Tədbir Almaniya və Azərbaycandan olan şirkətlər üçün dialoq platforması rolunu oynayır və gələcək əməkdaşlığı müzakirə etmək və yüksək səviyyəli siyasətçilərlə əlaqə qurmaq məqsədilə yeni imkanlar yaradır.

Məqalədə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun çıxış edərək ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin inkişaf etdirilməsi baxımından tədbirin əhəmiyyətindən söz açdığı və “Almaniyanın Federal Kansleri xanım Angela Merkelin ötən ilin yayında Azərbaycanın paytaxtı Bakıya səfərinin ölkədə böyük rəğbətlə qarşılandığını və ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində növbəti addım olduğunu” bildirdiyi yazılıb.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov tədbirdə iki ölkə arasında iqtisadi münasibətlərin cari vəziyyəti haqqında məlumat verib, “hazırda ölkəmizdə 206 alman şirkəti fəaliyyət göstərir və sevindirici haldır ki, onların sayı dayanmadan artmaqdadır” - deyə vurğulayıb.

Tədbirin Azərbaycanın iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahələrindəki potensialına həsr olunmuş panel müzakirələrlə davam etdiyi bildirilir. Müzakirə iştirakçılarının Azərbaycanın gələcəkdə öz iqtisadiyyatını şaxələndirməsinin vacibliyi məsələsində həmfikir olduqları qeyd olunur. İqtisadiyyatın şaxələndirilməsinin iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər yaradacağı bildirilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.