ORDU
Diplomatiya könüllüləri Müdafiə Nazirliyinin bəzi qurumlarında olublar
Bakı, 14 iyul, AZƏRTAC
Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya həftəsi” çərçivəsində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri Müdafiə Nazirliyinin bəzi müəssisələrində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən diplomatiya həftəsi çərçivəsində müxtəlif təhsil ocaqlarını təmsil edən gənclər Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyini, Hərbi Nəşriyyatını, Sənədli və Tədris Filmləri Mərkəzini və “Azərbaycan Ordusu” qəzetinin redaksiyasını ziyarət ediblər. Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatların və hərəkatların nümayəndələrinə Müdafiə Nazirliyinin həmin qurumlarının fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində gənclər Vətən müharibəsində iştirak etmiş bir qrup hərbi qulluqçu ilə görüşüblər. Şanlı qələbəmizlə başa çatan müharibə barədə təəssüratlarını bölüşən döyüş iştirakçıları könüllüləri maraqlandıran sualları cavablandırıblar.
Könüllülərə Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.
Müdafiə Nazirliyinin rəsmiləri və Vətən müharibəsi iştirakçıları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən qazanılmış tarixi Zəfər haqqında tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.