SİYASƏT


Diplomatlar Şuşaya səfər zamanı ermənilərin törətdiyi vəhşiliyin əyani şahidi oldular

Bakı, 13 iyul, AZƏRTAC

Xarici ölkələrin Azərbaycandakı səfirlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin erməni işğalından azad olunmuş Şuşa şəhərinə səfərlərinin təşkil edilməsi önəmli məsələdir. Çünki 30 ilə yaxın müddətdə erməni vandalizminin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından bu səfər böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasına baxmayaraq, informasiya müharibəsi davam edir. Erməni diasporu və lobbisi beynəlxalq müstəvidə Azərbaycan əleyhinə kampaniya aparmaqdadırlar. Ona görə biz də bu məsələdə fəal olmalı və erməni yalanlarının ifşası istiqamətində sistemli tədbirlər həyata keçirməliyik və keçiririk. Müxtəlif beynəlxalq təşkilatların, xarici KİV nümayəndələrinin və digər əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərlərinin təşkil olunması həmin tədbirlərin tərkib hissəsidir. Bu baxımdan, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri də diqqətəlayiqdir. Bu səfərlər zamanı diplomatlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə əyani surətdə tanış olurlar, bu barədə təmsil etdiyi dövlətləri və beynəlxalq təşkilatları məlumatlandırırlar. Şübhəsiz ki, təkzibedilməz vandalizm, dağıntılar, vəhşiliklər, işğalın çoxsaylı nəticələri və Azərbaycanın bu fonda yaratdığı reallıq Cənubi Qafqazda əməkdaşlıq istiqamətində gələcək addımlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə səfər edən diplomatların nümayəndəsi olduğu ölkələrinin çoxunda kifayət qədər təsirli imkanlara malik erməni diaspor təşkilatları mövcuddur. Artıq öz nümayəndəsi vasitəsilə vəziyyəti birbaşa müşahidə və təhlil etmək imkanı qazanmış bir dövlət üçün səfirinin rəsmi məruzəsi erməni lobbisinin saxta təbliğatından daha üstündür. Əlbəttə, həqiqət hər kəsə bəllidir, lakin bu səfər hətta fərqli mövqe tutan dövlətləri də mühüm fakt qarşısında qoyacaq. Diplomatlar 30 il ərzində ermənilərin işğal altında saxladıqları ərazilərdə yalnız vandallıq aktları törətdiklərini, heç bir quruculuq işləri aparmadıqlarını əyani olaraq görməklə, kimin işğalçı, talançı, kimin isə ev sahibi olması barədə yekun qənaət formalaşdıracaqlar ki, bu da Azərbaycanın informasiya müharibəsində çox zəruri bir mərhələnin başlanması deməkdir.

“Şuşaya səfər edən səfirlər bir daha şahidi oldular ki, bu torpaqların əsl sahibləri kimlərdir. Onlar gördülər ki, əgər ermənilər həqiqətən bu əraziləri öz vətənləri hesab etsəydilər, 30 il ərzində dağıdıcı fəaliyyətlə yox, quruculuqla məşğul olardılar. Azad edilmiş ərazilərdə törədilən vandallıq aktlarının izləri bu ərazilərin heç vaxt ermənilərə aid olmamasının sübutlarından biridir. Əksinə, Azərbaycanın Vətən müharibəsindən keçən qısa müddət ərzində bərpa işlərinə başlaması bu ərazilərin tarixən ona məxsus olduğunu nümayiş etdirir" , - deyə Sevinc Fətəliyeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.