CƏMİYYƏT


Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti barədə məlumat verilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Xarici İşlər Nazirliyi və ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışan orta və yüksək rütbəli diplomatlar, həmçinin digər dövlət qurumlarında çalışan işçilər də daxil olmaqla, 80-ə yaxın iştirakçı üçün mühazirə oxuyub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fuad Hüseynov “Münaqişənin təhlili: İkinci Qarabağ müharibəsi” mövzusunda keçirilən tədbirdə “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda çıxış edib.

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində məcburi köçürülməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə təxminən 30 ildir davam edən bu münaqişənin həlli istiqamətində son nöqtəni qoyub. Bu Qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edib, eyni zamanda, yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış olub. Azərbaycanda artıq “Dağlıq Qarabağ” adlı siyasi və coğrafi ad mövcud deyil. Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur.

Ölkəmizin iqtisadi inkişafına dair əsas məsələlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının böyük hissəsini, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

Bildirilib ki, Azərbaycan dövləti postmünaqişə dövründə ərazilərin bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və "Böyük Qayıdış” proqramının tam olaraq icra edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifədir. Beləliklə məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququ təmin ediləcək.

Bildirilib ki, tədbir ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.