CƏMİYYƏT
“Diqqət, uşaqlar!” hərəkətin təhlükəsizliyi aylığı davam etdirilir
Bakı, 5 oktyabr, AZƏRTAC
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi məqsədilə Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin müvafiq göstərişinə əsasən respublika ərazisində keçirilən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Ağdaş Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayonun bir neçə təhsil müəssisəsində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, həmçinin məktəblərin şagird və pedaqoji kollektivləri iştirak edib.
Çıxış edən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Namiq Qəmbərov və digər polis əməkdaşları təhsil müəssisələrində bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədlərinin şagirdləri yol hərəkəti qaydaları ilə tanış etmək və azyaşlıların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdan ibarət olduğunu bildiriblər. Şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar barədə ətraflı məlumat verilib və yolu keçərkən piyada keçidlərindən istifadə etməyin zəruriliyi vurğulanıb. Nəqliyyatın sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmaları izah edilib.