CƏMİYYƏT


“Diqqət uşaqlar!” hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub

Bakı, 15 oktyabr, AZƏRTAC 

Yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində keçirilən “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, aylıqla əlaqədar kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanıb, xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri yol polisi əməkdaşları tərəfindən təhlil edilib. Bu hadisələrin baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.

Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdıqları yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunub, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilib.

Təhsil işçiləri, valideynlər, ictimai qurumların nümayəndələri də cəlb edilməklə ümumi təhsil müəssisələrində təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi isə təhlükəsizlik aylığının əsas leytmotivini təşkil edib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aidiyyəti qurumlarının bilavasitə iştirakı ilə təşkil olunan belə görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə təhsil alanlara mövzu ilə bağlı geniş məlumatlar verilib, maraqlı diskussiyalar, viktorinalar təşkil olunub, fəallıqları ilə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Abşeron rayonunun Masazır kənd 5 nömrəli tam orta məktəbində keçirilən növbəti görüş isə “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunub.

Məktəbin rəhbərliyinin, eləcə də Abşeron Rayon Təhsil Şöbəsinin nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışıb, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini bildirib.

Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çatacağına əmin olduğunu vurğulayan M.Ağayev ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri addımlar atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Maraqlı diskussiya şəraitində keçən görüşdə şagirdlərin sualları cavablandırılıb, onların yol hərəkəti qaydaları və yol nişanları ilə bağlı bilikləri yoxlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.