REGİONLAR
Direktor: məktəbimiz üçün yeni binanın inşası təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq
Tərtər, 5 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızda təhsilə yüksək dövlət qayğısı göstərilir, paytaxt və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də müasir məktəb binaları inşa edilir. Prezident İlham Əliyevin Tərtər rayonuna səfərindən sonra bizim məktəbimiz üçün yeni binanın tikintisi ilə bağlı Sərəncam imzalaması təhsilə göstərilən diqqət və qayğının göstəricisidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Tərtər rayon Xoruzlu kənd tam orta məktəbinin direktoru Rafiq Səfərov deyib. Bildirib ki, Xoruzlu kənd tam orta məktəbi 1976-cı ildə inşa edilmiş binada fəaliyyət göstərib. Məktəb binasında tədris üçün şəraitin olmaması tədrisin keyfiyyətinə də təsirini göstərirdi. Lakin məktəbin müəllim və şagird kollektivi çətinliklə də olsa tədrisi davam etdirirdi.
Direktor təhsil ocağı üçün yeni binanın tikilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzalamasını kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olduğunu deyib. "Hazırda məktəbdə 452 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Bunun üçün dövlətimizin başçısına müəllim və şagirdlər adından minnətdarlığımı bildirirəm", - deyə R.Səfərov bildirib.