ELM VƏ TƏHSİL


Direktor olmaq istəyən namizədlər arasında gənc kadrlar üstünlük təşkil edir

Bakı, 4 dekabr, AZƏRTAC

Vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşür. Ölkə üzrə vakant yerlərin çoxu cənub zonasını əhatə edir. Müsabiqənin ilkin mərhələsində 700 vakant yer olub. Ötən ay ərzində əlavə vakant yerləri də yaranıb. Vakant yerlərin sayı təxminən 750-dək artırılıb. Direktor olmaq istəyən namizədlər arasında əsasən gənc kadrlar üstünlük təşkil edir. Eyni zamanda, orta yaşlı şəxslər də namizədlər arasında yer alıb. Müsahibə mərhələsi yanvarın 17-dək davam edəcək. Müsahibədən uğurla keçən şəxslər fevral ayından işlərinin icrasına başlayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov jurnalistlərə müsahibəsində məlumat verib.

E.Bağırov bildirib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən direktorların işə qəbulu üzrə yeni qaydalar təsdiq edilib. Həmin qaydalara görə noyabr ayında test imtahanları keçirilib. Test imtahanlarında 1600-dək namizəd elektron ərizə ilə müraciət edib. İlkin mərhələdə onlardan 1400 nəfəri imtahanlarda iştirak edib. Bu mərhələdə müvafiq keçid ballarını toplayan namizədlər müsahibəyə dəvət olunublar. İlkin mərhələ üçün keçid balları 24 bal (40 faiz) müəyyən olunub. Bakı şəhəri üzrə təhsil müəssisələrinə isə keçid balı 36 bal (60 faiz) müəyyən edilib. Bunun səbəbi Bakı şəhəri üzrə elm və təhsil müəssisələrində vakant yerlərin və namizədlərin sayının daha çox olması ilə əlaqədardır.

Qeyd edək ki, dekabrın 5-dən dövlət ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplomlar və ona əlavələr), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.