ELM VƏ TƏHSİL
Direktor vəzifəsinə işə qəbulda uğur qazanan namizədlərlə adaptasiya proqramı davam edir
Bakı, 29 iyul, AZƏRTAC
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində uğur qazanan namizədlərlə adaptasiya proqramı davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində “İdarəetmədə komanda fəaliyyətinin rolu”, “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilir.
Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.
Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 30 nəfəri müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində uğur qazanan namizədlərlə adaptasiya proqramına iyulun 23-dən start verilib.