REGİONLAR
Dirijor Cavad Tağızadə: Qəbələ festivalında iştirak etmək gənc musiqiçilər üçün çox böyük təcrübədir
Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Tələbə Simfonik Orkestri ilə artıq üçüncü dəfədir Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Ancaq özüm festivalın əsasının qoyulduğu gündən, yəni 2009-cu ildən bu möhtəşəm musiqi bayramında müxtəlif musiqi kollektivləri ilə solist kimi qatılıram. Festivalda iştirak etmək gənc musiqiçilərə öz yaradıcılıqlarını inkişaf etdirmək üçün çox böyük stimul verir, həvəs və maraq oyadır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin dirijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə deyib.
Festivalın ilk konsertini təqdim etməyin kollektiv üçün çox böyük şərəf olduğunu vurğulayan istedadlı gənc dirijor bildirib ki, musiqiçilərin əksəriyyəti Akademiyanın birinci və ikinci kurs tələbələridir: “Baxmayaraq ki, onlar gündəlik olaraq məşq edir, konsertlər verirlər, belə nüfuzlu musiqi festivalına ilk dəfədir qatılırlar. Festivalda iştirak onlar üçün çox böyük təcrübə, məktəbdir. Çünki, Akademiyanı bitirdikdən sonra onların çoxu məhz belə orkestrlərdə fəaliyyət göstərəcəklər”.