MƏDƏNİYYƏT
Dirijor və skripka ifaçısı Dmitri Sitkovetski BMA-nın tələbələrinə ustad dərsləri verib
Bakı, 20 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Dmitri Sitkovetski ilə görüşlər” layihəsi çərçivəsində müasir dövrün görkəmli musiqiçisi, dirijor və skripka ifaçı Dmitri Sitkovetskinin növbəti dəfə ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsin əvvəlində D.Sitkovetski BMA-nın tələbələrinin ifasında İ.Bramsın, F.Mendelsonun əsərlərini dinləyib.
Üç gün müddətində davam edən ustad dərslərdə D.Sitkovetski tələbələrlə ifaçılıq sənətinin sirlərini bölüşüb, hər bir musiqiçi üçün ifa zamanı texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərib. O, həmçinin istənilən bəstəkarın fərdi yaradıcılıq üslubuna yaxından bələd olub, sonra öyrəndiklərini ifaya tətbiq etməyi tövsiyə edib.