CƏMİYYƏT
“Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda görüş keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüş keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüş xüsusilə pandemiyadan sonra bütün dünyanın reallığına çevrilən distant təhsilin müzakirəsinə həsr olunub.
ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə reallaşan tədbirdə, təhsil müəssisələrinin distant təhsilə olan hazırlıq səviyyəsi, onun yaratdığı çətinlik və imkanlar kimi aktual məsələlərə toxunulub. Tələbələrin mövcud şəraitdəki prosesə uyğunlaşa bilmələri üçün universitetlərin fərqli idarəetmə metodları tətbiq etməyə məcbur olduğu və bu yolda sosial şəbəkələrin rolunun nəzərəçarpacaq dərəcədə artdığı qeyd olunub.
Bildirilib ki, görüşdə pandemiya şəraitində tələbələrin sosial və professional inkişafı üçün lazım olan məsələlərin müzakirəsi əsas diqqət çəkən məqamlardan biri olub. Belə ki, Şahin Bayramovun dediyinə görə, pandemiya dönəmində tələbələri bir çox təşkilatlara təcrübəyə göndərmək universitetlər qarşısında duran ən böyük çətinliklərdən biri idi.
Sonda isə Şahin Bayramov Azərbaycanda distant təhsilin gələcək perspektivlərinə fokuslanaraq, pandemiyadan sonrakı təhsil sistemində ola biləcək dəyişikliklər barəsində tələbələrlə öz fikirlərini bölüşüb.
İttifaqın sədri tərəfindən Mingəçevir Dövlət Universitetinin rektoruna ünvanlanan suallar ətrafında qurulan müzakirə tələbələrin böyük marağına səbəb olub və canlı yayımlanan tədbir 300-dən çox tələbə tərəfindən eyni anda izlənilib.
Bildirilib ki, ATGTİ-nin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər tələbələri maraqlandıran məsələləri müzakirə etməyə yönəlib.
Qeyd olunub ki, bundan öncəki həftə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun iştirakı ilə maraqlı görüş təşkil olunub.