DÜNYA
Divarlara şəkil çəkən robot-rəssam təqdim olunub
Bakı, 6 aprel, AZƏRTAC
İtaliyanın “Carlo Ratti Associati” şirkəti avtonom rejimdə şaquli divarlara şəkil çəkən robot-rəssamı təqdim edib. Bu qurğu alıcıları cəlb edə bilməyən uçan dron-rəssamı əvəzləmək üçün hazırlanıb.
AZƏRTAC “techcult.ru” saytına istinadla xəbər verir ki, “Scribit” adlanan yeni robot son dərəcə sadə və təhlükəsizdir. Bu, iki kabel vasitəsilə adi çərçivəyə və ya birbaşa divara asılan kiçik alüminium platformasıdır. Robot divarın səthində koordinatlar üzrə hərəkət edərək müxtəlif şəkillər çəkir.
Robotun daxilində müxtəlif rəngli dörd marker və səhvlərin silinməsi üçün rezin yerləşdirilib. “Scribit” smartfona yüklənmiş xüsusi proqram vasitəsilə idarə olunur. İstifadəçi sadəcə robotun nəyi çəkməli olduğunu və onun təsvirin hüdudlarından kənara çıxmaması üçün şəklin parametrlərini təyin etməlidir.
Aprelin 16-da Milanda keçirilən “Salone del Mobile” sərgisində təqdim ediləcək qurğunun dəqiqliyi və şəkillərin keyfiyyəti haqqında məlumat verilmir.