İQTİSADİYYAT
Dividend gəlirlərinə hansı halda vergi güzəşti tətbiq olunur?

Bakı, 6 iyun, AZƏRTAC
Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergiödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın bölüşdürülməsi, habelə səhmlərin xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Qeyd olunanlara əsasən, cari il fevralın 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.