QAN YADDAŞI


Diyarbəkirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Diyarbəkir, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu, Diyarbəkir Diclə Universiteti, o cümlədən bu təhsil ocağında fəaliyyət göstərən Qum sənəti və sosial fəaliyyətlər klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan izdihamlı anma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın ağlayan qərənfilləri” adlı tədbirdə Diyarbəkir vilayətinin valisi Həsən Basri Gözəloğlu, Diyarbəkir Jandarma komandanı, general-mayor Mustafa Ərdəm, Xarici İşlər Nazirliyinin Diyarbəkir Vilayət İdarəsinin rəisi, səfir İbrahim Mete Yağlı, Daxili İşlər Nazirliyinin Diyarbəkir vilayət idarəsinin rəisi Şükrü Yaman, Diyarbəkir Diclə Universitetinin rektoru Talip Gül, vilayətin Kayapınar rayonunun icra başçısı və rayon bələdiyyəsinin sədri Ünal Koç, Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkır vilayət şöbəsinin sədri Cihan Kayaalp, digər rəsmi şəxslər, universitetin professor-müəllim və tələbə heyəti, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diclə Universitetinin rektoru Talip Gülvə digərləri vurğulayıblar ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Diqqətə çatdırılıb ki, 30 il əvvəl sovet qoşunları tərəfindən Bakıda günahsız insanların tökülən qanı yerdə qalmadı, bu faciədən bir il sonra müstəqilliyini bərpa edən Azərbaycan hazırda bölgənin ən güclü dövlətlərindən birinə çevrilib. Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı iftixar doğurur. Qeyd edilib ki, bütün məsələlərdə olduğu kimi, 20 Yanvar faciəsi ilə bağlı da Türkiyə xalqı həmişə Azərbaycan xalqının yanındadır və bundan sonra da ondan qardaş dəstəyini əsirgəməyəcək.

Sonra sovet ordusunun Bakıda törətdiyi qanlı cinayəti əks etdirən fotoslayd nümayiş olunub.

Şəhidlərə həsr edilmiş şeirlər və azərbaycanlı tələbə Novruz Əhmədovun 20 Yanvarla bağlı qum sənəti kompozisiyası böyük maraqla qarşılanıb.

Daha sonra iştirakçılar 30 il əvvəl Azərbaycan övladlarının yaratdıqları qəhrəmanlıq salnaməsini əks etdirən fotosərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, Türkiyənin Diyarbəkir şəhərində ölkəmizlə bağlı tədbir təşkil olunub. Diclə Universitetinin Qum sənəti və sosial fəaliyyətlər klubunun aparıcı qüvvəsi azərbaycanlı tələbələrdir. Onlar keçirilən tədbirdə yaxından iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Diyarbəkir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.