SİYASƏT


Dmitri Savelyev: Bakı forumu siyasətçilər və ekspertlər üçün ideya mənbəyidir

Moskva, 29 oktyabr, AZƏRTAC

Planetimizin gələcəyi insanın humanitar məsələlərə baxışından, sivilizasiyalararası, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafından asılıdır. Məhz bu səbəbdən müasir dünyanın ən yaxşı intellekt sahibləri bu gün bəşəriyyəti narahat edən qloballar məsələləri müzakirə etmək, bununla bağlı suallara cavab tapmaq məqsədilə VI Bakı Beynəlxalq Humanitar Forumuna toplaşmışdı. Forumun iştirakçısı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev forumdan aldığı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

-Dmitri İnavoviç siz Bakı forumunun işində üçüncü dəfə iştirak etdiniz. Sizin fikrinizcə, bu tədbirin bəşəriyyət üçün əhəmiyyəti nədən ibarətdir?

-Mən görürəm ki, Bakı Forumu həm iştirakçıların sayı baxımından, həm də öz təsir gücünə görə ilbəil genişlənir. Həqiqətən, buraya dünyanın hər yerindən ən nüfuzlu insanlar: siyasətçilər, alimlər və ekspertlər gəlirlər. Buna görə də Bakı forumu həm humanitar sahədə mövcud proseslərin müzakirə edilməsi üçün səmərəli platforma kimi özünü tamamilə doğruldur, həm də onun ictimai rəyi formalaşdıran və dünyanın aparıcı siyasi dairələrinə translyasiya edən forumlar sırasına daxil olmaq üçün hər cür şansı var.

-VI Bakı Beynəlxalq Humanitar Forumu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr edilmişdi. Bu mövzu müasir dünya üçün nə dərəcədə əhəmiyyətlidir?

-Dünyanı vahid məkan kimi, bütün bəşəriyyəti isə vahid cəmiyyət kimi görmək arzusu çox qədim tarixə malikdir. Lakin bu gün planetimizin qarşısında çoxsaylı çağırışlar var: yoxsulluq və aclıq problemi, iqlim dəyişikliklərinə qarşı mübarizə, enerji və su təchizatı mənbələrinin təmin edilməsi – bütün bu məsələləri əlbir şəkildə həll etməliyik. Biz yeni geosiyasi və texnoloji reallıqda yaşayırıq. Bu reallıq siyasətin, təbiət elmlərinin və fundamental dəyərlərin qovuşuğunda müzakirə edilməlidir. Bakı forumu çıxış yolları axtaran siyasətçi və ekspertlər üçün məhz belə ideya mənbəyidir, çünki konkret məsələlər və onların həlli yolları dialoqun gedişində tapılmalıdır.

-Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq yaratmalı olan Bakı prosesinin banisi nəyə görə məhz Azərbaycan olub?

-Humanitar forum Azərbaycanın ən yüksək beynəlxalq statusunun və ölkə rəhbərlərinə ehtiramın göstəricisidir. Bu xarakterli qlobal tədbirləri məhz ölkə rəhbərləri təşkil edir. Dünyada bu cür problemləri ifadə etməyə və mühüm sivilizasiya məsələləri barəsində öz fikirlərini söyləmək üçün aparıcı ekspertləri dəvət etməyə imkanı olan dövlətlərin sayı o qədər də çox deyil. Azərbaycanda daxili humanitar balansın nümunəvi modeli yaradılıb. Bu halda dövlət sosial, siyasi, mədəni, ekoloji və dini sahələrin dəstəklənməsini təmin edir. Prezident İlham Heydər oğlu Əliyev forumundakı çıxışında haqlı olaraq qeyd etdi ki, Azərbaycan dünyada multikulturalizm ünvanlarından birinə çevrilib və dünya birliyi onun bu statusunu tanıyır. Bununla bərabər, qeyd etməyə bilmərəm ki, bu cür genişmiqyaslı dialoq məkanı Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılıb və Rusiya tərəfi bu prosesdə çox fəal iştirak edir.

-Yəqin elə bu səbəbdən Rusiya Bakı forumunda belə çoxsaylı nümayəndə heyəti ilə təmsil olunub?

-Bəli, bizim nümayəndə heyətimiz ictimai-siyasi məkanın bütün spektrlərini təmsil etməli və Rusiyanın Bakı forumuna göstərdiyi ciddi diqqəti vurğulamalı idi. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin forum iştirakçılarına göndərdiyi təbrik məktubu, tədbirdə Rusiya baş nazirinin müavini Olqa Qolodesin iştirak etməsi buna sübutdur. O.Qolodes Prezident İlham Heydər oğlu ilə görüşdə qeyd edib ki, həm Rusiya, həm də Azərbaycan tolerantlıq və milli mədəniyyətlərin inkişafı siyasətinin davamlı şəkildə həyata keçirilməsi nümunəsi, habelə mehriban qonşuluq və bir-birinə hörmətli münasibət siyasətinin nümunələridir.

-Bakı forumu çərçivəsində RF Dövlət Duması sədrinin müavini Sergey Neverov Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşüb. Sizin də iştirak etdiyiniz həmin görüşdə söhbət nə barədə olub?

-Bu il həm dövlətlərimizin başçıları arasında çox fəal əlaqələr, həm də Rusiya və Azərbaycan parlament nümayəndə heyətlərinin fəal mübadiləsi müşahidə olunur. Bu onu göstərir ki, Rusiya-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatır, humanitar əməkdaşlıq məsələləri isə bütün dövlətlərarası səviyyədə görüşlərin gündəliyindədir. Məsələn, belə layihələrdən birinin çərçivəsində Rusiya və Azərbaycanın on şəhəri arasında qardaşlaşma əlaqələri yaradılacaq. Regionlarda birgə Rusiya-Azərbaycan sərgiləri təşkil ediləcək, bu sərgilər ölkələrimizdə insanların bir-birini daha yaxşı tanımasına imkan yaradacaq. Bundan əlavə, Azərbaycan Milli Məclisi və Rusiya Dövlət Duması Xəzərin hüquqi statusuna dair beş Xəzəryanı dövlətin imzaladığı tarixi konvensiyanı ratifikasiya etməyə hazırlaşırlar. Görüşdə bu barədə də söhbət oldu.

-Siz nümayəndə heyətinin tərkibində artıq neçənci dəfə Heydər Əliyev Mərkəzində və İçərişəhərdə olmusunuz. Bu yerlərdə özünüzün ilk və ən yeni təəssüratlarınızı müqayisə edə bilərsinizmi?

-Azərbaycan paytaxtında bir dəfə olmuş insan sonradan hər dəfə buraya gələndə sanki öz evinə qayıdır, ona elə gəlir ki, burada onu sevirlər və gözləyirlər. Hətta Bakı ilə görüşlərim arasında cəmi bir neçə ay vaxt keçdikdə belə, bu şəhərin simasında baş vermiş dəyişikliklər diqqəti cəlb edir. Məsələn, iki ay bundan əvvəl Bakı Dənizkənarı Bulvarının ərazisində “Qu quşları” fəvvarəsi istifadəyə verilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bərpa olunmuş bu fəvvarə ötən əsrin 60-cı illərində yaradılmış yeddi Qu quşu heykəlindən ibarətdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və bəstəkar Qara Qarayevin eyniadlı baleti əsasında yaradılmış bu fəvvarənin ətrafı bakılıların və Azərbaycan paytaxtının qonaqlarının sevimli istirahət guşəsi idi. Zaman getdikcə transformasiyaya uğramış əfsanəvi fəvvarənin ilkin memarlıq siması yenidən bərpa edilib.

Ümumiyyətlə demək istərdim ki, mühafizəkarlığı ilə seçilən və dini ənənələrə üstünlük verilən Şərq ölkələrinin memarlığı ilə müqayisədə Azərbaycan memarlığı tamam fərqlidir. Burada şüşədən və betondan ucaldılmış göydələnlər arasında milli kolorit həmişə özünə yol açır. Bu fərq müasir Azərbaycanın, onun keçmiş və gələcək ilə əlaqəsinin təcəssümü olan Heydər Əliyev Mərkəzində daha ciddi hiss olunur. Düşünürsən ki, bu Mərkəzin memarlığı təbiətin bütün qanunlarına ziddir: Ümummilli Liderin imzasının motivləri əsasında yaradılmış, axıcı və dalğavarı formalı bina son dərəcə möhkəmdir və hətta Bakıya xas olan güclü küləklərə də davam gətirir. Azərbaycanlıların milli xarakteri də belədir!

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.