SİYASƏT


Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir

Moskva, 21 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı Azərbaycan liderinin müdrikliyini və parlaq diplomatik bacarıqlarını növbəti dəfə nümayiş etdirdi.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində səsləndirib.

Deputat deyib: “Əlamətdar haldır ki, Prezident hərbi mövzuya toxunarkən işğaldan azad olunmuş ərazilərin bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, regionda sülh və sabitlik məsələlərinə üstünlük verirdi. Beləliklə, Azərbaycan Prezidenti öz ölkəsinin münaqişəni dinc yolla nizamlamağa tərəfdar olmasını təsdiqlədi və bunu strateji baxımdan çox səmərəli şəkildə etdi”.

D.Savelyev təəssüflə vurğulayıb ki, Qarabağ ərazisində onilliklər boyu davam etmiş işğal və hərbi əməliyyatlar nəticəsində dağıdılmış şəhərlər, minalanmış sahələr, işğal edilmiş torpaqlarda Azərbaycan mədəniyyətini məhv etmək cəhdləri şəklində dəhşətli izlər qalıb. Buna görə də normal həyatın bərpa edilməsi üçün bütün xalqın böyük səyi və sanballı investisiyalar tələb olunur.

Rusiyalı deputat daha sonra deyib: “Lakin bu vəziyyətin müsbət tərəfi də var: işğaldan azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatı üçün böyük resursdur. Bu gün Azərbaycan keçmiş düşməninə birtərəfli qaydada mehriban qonşu kimi kömək əlini uzadır, Ermənistan rəhbərliyi isə hər hansı minimal addımlardan çəkinmək üçün müxtəlif bəhanələr gətirir. Hərçənd, bu mövqe erməni xalqının istəklərinə tamamilə ziddir. Prezident İlham Heydər oğlu barışıq prosesinə yönəlmiş fəaliyyət nümunələri göstərdi. Bu nümunələr Azərbaycanın sülhsevərliyini və konstruktiv səylərini nümayiş etdirir. Lakin Şərqdə belə bir müdrik kəlam var: tək əldən səs çıxmaz, yəni əgər Ermənistanın hakimiyyət orqanları tərəfindən müvafiq sülh təşəbbüsləri olmasa, regionda nizamlama prosesi daha da ləngiyəcək”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.