QAN YADDAŞI


Dmitri Savelyev: Xocalının daşları da haray çəkir

Moskva, 26 fevral, AZƏRTAC

Zaman bizi Xocalıda baş vermiş faciəli hadisələrdən uzaqlaşdırır, lakin 27 il bundan əvvəl baş vermiş bu faciə fundamental bəşəri dəyərləri qiymətləndirən hər kəsin qəlbində sağalmaz yara kimi qalır.

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamenlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Xocalıda törədilmiş soyqırımının ibrət dərsləri barədə danışıb.

-Dmitri İvanoviç, Sizin fikrinizcə Xocalıda törədilmiş qırğın Dağlıq Qarabağ münaqişəsinin daha geniş miqyas alması üçün bir növ proloq olmayıbmı?

-Şübhəsiz belədir. Vəhşi heyvanın dişinə insan qanı dəyəndə həmin heyvan adamyeyənə çevrildiyi kimi, Xocalıda dinc sakinləri qətlə yetirənlərin cəzasız qalması da (hamıya xatırlatmalıyam ki, aralarında qadınlar, uşaqlar və qocalar da olan 613 nəfərin qətlə yetirilməsindən söhbət gedir) təcavüzkarların əl-ayağını açdı və döyüş əməliyyatları Dağlıq Qarabağın hüdudlarından kənara yayıldı. Bu hadisə indiyə qədər nizamlanmamış qarşıdurma üçün bir bəhanə oldu. Azərbaycanın yeddi rayonu, yəni respublika ərazisinin beşdə bir hissəsi işğal edildi, bir milyondan çox azərbaycanlı doğma yurdunu tərk etməyə məcbur oldu.

Münaqişənin gedişində 20 min nəfər həlak olub, daha 50 min nəfər yaralanaraq əlil olub. Bu yaxınlarda keçirilmiş birgə tədbirlərin birində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli sözün həqiqi mənasında mədəni vəhşilik faktlarını misal göstərdi: ermənilər Qarabağ torpağındakı məzarlıqları dağıdır, tarixi, dini və mədəni abidələri məhv edirlər. Belə qanunsuz əməllərin əsası məhz Xocalıda qoyulub.

-İndi vaxtaşırı deyirlər ki, guya faciənin miqyası süni şəkildə şişirdilib, guya hadisələr əslində Azərbaycanın dediyi kimi olmayıb...

-Belələri nə istəsələr deyə bilərlər, lakin ortada şahid ifadələri və Xocalıda törədilmiş qırğının təhqiqatına aid materiallar var. Hüquq-mühafizə orqanları yeddi minə yaxın istintaq əməliyyatı və səkkiz min ekspertiza aparıb, dörd mindən çox insanı istintaq edib, bütün bunlar faciənin obyektiv mənzərəsini təsvir etməyə imkan verib. Bundan əlavə, mübahisəyə yer qoymayan fotosənədlər də saxlanıb: rusiyalı fotoqraf Viktoriya İvleva Xocalı küçələrində cəsədlərin fotoşəkillərini çəkib, jurnalist Çingiz Mustafayev isə faciədən dərhal sonra öz həyatını riskə məruz qoyaraq hadisə yerindən reportajlar aparıb. Bu başqa məsələdir ki, dünyanın güc mərkəzləri özlərinin məhdud maraqları naminə çox vaxt ikili standartlar siyasətinə əl atır və Xocalıda etnik təmizləmələr faktı barədə susmağa çalışırlar. Hərçənd, milyonlarla günahsız insanın həyatı bahasına başa gəlmiş İkinci Dünya müharibəsindən sonra dünya belə faciələrin nəticələrini başa düşməli idi. Təəssüf ki, Xocalıda törədilənlərə görə məsuliyyətə cəlb edilməli insanlar hələ də layiqli cəzalarını almayıblar...

-Lakin dünya birliyi Xocalıda törədilmiş hadisələrin soyqırımı kimi tanınmasına doğru ləng də olsa, qarşısıalınmaz şəkildə irəliləyir...

-Hesab edirəm ki, dediyiniz hərəkətə təkan verən əsas amil Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyətli mövqeyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Milli Məclisində Xocalı faciəsinin təhqiqatı ilə əlaqədar müzakirələr aparılıb, respublika parlamenti Xocalıda Soyqırımı Gününü təsis edib. Mən Xocalı hadisələrinə laqeyd qalmayan, dünya birliyinə müraciətlə bu hadisələrin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına çağıran insanların fasiləsiz səylərinə görə onlara ehtiramımı bildirirəm. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasını xüsusi qeyd etməliyəm. Həqiqətən, dünyada Azərbaycanı dəstəkləyənlərin sayı get-gedə artmaqdadır. Bu günə qədər 10-dan çox dövlət və ABŞ-ın 22 ştatı Xocalıda törədilmiş faciəni millətlərarası nifrət zəminində baş vermiş qırğın kimi tanıyıb, Avropa İnsan Haqları Məhkəməsi isə Xocalıda mülki əhalinin kütləvi şəkildə məhv edilməsini 2010-cu ildə “hərbi cinayətlərə və ya bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan xüsusilə ağır əməl” kimi tövsif edib. Lakin bu istiqamətdə hələ görüləsi işlər çoxdur.

-Siz Xocalıda soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş memorial aksiyaları necə qiymətləndirirsiniz?

-Həmin tarix ərəfəsindəki günlərdə bakılıların çoxu Azərbaycan paytaxtının Xətai rayonunda ucaldılmış “Ana harayı” adlı memorial kompleksi ziyarət edirlər. Xocalı faciəsi barədə sənədli filmlər çəkilir, şahidlərin xatirələrinin daxil edildiyi kitablar nəşr olunur, orta və ali məktəblərdə ədəbi-bədii tədbirlər keçirilir. Azərbaycanlıların faciəsinə Türkiyədə də həssaslıqla yanaşırlar: bu yaxınlarda Kahramanmaraş şəhərində Xocalı parkının və “Ana fəryadı” abidəsinin açılışı mərasimi keçirilib. 2018-ci ilin oktyabr ayında mən Kayseri şəhərində Xocalı faciəsi qurbanlarına abidənin və Xocalı parkının açılışı mərasimində iştirak etmişəm. Həlak olmuş Xocalı şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, həmin parkda 613 ağac əkilib.

Lakin ən parlaq memorial Xocalı qurbanlarının xatirəsi və bu faciə barədə həqiqət olacaq. Azərbaycan Xocalı faciəsinə oxşar hadisələrin dünyanın hər hansı yerində təkrarlanmasını istəmir. Dünya birliyi bu qanlı hadisələrə ədalətli qiymət verməklə belə təhdidlərin bəşər övladı üçün nə dərəcədə təhlükəli olmasını dərk edəcək, bu isə belə soyqırımı aktlarının bir daha təkrarlanmaması üçün bir növ profilaktik tədbir olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC –ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.