REGİONLAR
Dmitri Yablonski: Ötən doqquz ildə Qəbələ Beynəlxalq Musiqi Festivalı böyük uğur qazanıb VİDEO
Qəbələ, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Beynəlxalq Musiqi Festivalının böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Festivalın təməli yaxşı qoyulub, indi isə onu inkişaf etdirmək lazımdır. Özünüz də, görürsünüz ki, ötən 9 ildə böyük uğurlar əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski deyib. Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan D.Yablonski belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Onun sözlərinə görə, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri, solistləri Qəbələ səhnəsində konsert verirlər. Bu, böyük uğurdur. Təbii ki, həmin əcnəbi musiqiçilər öz ölkələrinə qayıdanda Azərbaycan barədə, Qəbələ haqqında danışırlar. Bu da Azərbaycanın dünyada daha da tanınmasına kömək edir”.