MƏDƏNİYYƏT


Dnepr şəhərində təntənəli Novruz şənliyi keçirilib

Dnepr, 20 mart, AZƏRTAC

Ukraynanın Dnepr şəhərində təntənəli Novruz şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının və Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Novruz şənliyində Dnepropetrovsk vilayətinin dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət kollektivləri, diaspor və media təmsilçiləri, o cümlədən yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dnepr Şəhər Şurasının və Dnepropetrovsk vilayəti Dövlət Administrasiyasının dəstəyi ilə keçirilən tədbirdə əllərində Azərbaycanın və Ukraynanın dövlət bayraqları olan Novruzun rəmzləri Keçəl, Kosa və Bahar qızı bayram şənliyinə xüsusi rəng qatıblar. Yerli sakinlərin maraqla izlədikləri bayram şənliyinə Novruz tonqalının alovlandırılması ilə start verilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov bildirib ki, Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz əsrlər boyu ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu bayram xalqımızın milli həmrəyliyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır.

Dnepropetrovsk vilayətinin deputatı, həmyerlimiz Qoşqar Muxtarov çıxışında Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dneprdə Novruz bayramının yüksək səviyyədə keçirilməsinin xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürü olduğunu vurğulayıb. O, bayram münasibətilə dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq arzulayıb.

Füsunkar bayram şənliyinin keçirilməsini tarixi hadisə adlandıran Dnepr şəhərinin Çeçelovsk rayon administrasiyasının rəhbəri Nataliya Keda bildirib ki, Novruz adət-ənənələri yerli əhali tərəfindən də böyük maraq və rəğbətlə qarşılanır.

Tədbirdə çıxış edənlər Novruz bayramının tarixindən, təcəssüm etdirdiyi ülvi dəyərlərdən danışıblar. Bildirilib ki, vaxtilə qeyd olunmasına qadağa qoyulmuş Novruz bayramının artıq BMT səviyyəsində keçirilməsi fərəhləndirici haldır.

Bayram şənliyində Ukraynanın Xalq artisti Qurban Abbasovun, digər milli rəqs və mahnı ansambllarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. Soydaşlarımız gecə saatlarına qədər Novruz tonqalının ətrafında “Cəngi”, “Yallı” və digər milli rəqslərimizi ifa edib şənləniblər.

Novruz şənliyində Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Dnepr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.