QAN YADDAŞI
Dneprdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Dnepr, 17 yanvar, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının və Dnepropetrovsk Vilayət Şurasının birgə təşəbbüsü ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirində çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayət haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin vaxt üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti beynəlxalq aləmə çatdırdı.
Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyev və digər iştirakçılar Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər. Vurğulanıb ki, sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımız gələcək nəsillərə örnəkdir, onların xatirələri daim əziz tutulur. Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli əzmkarlıq salnaməsidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr