QAN YADDAŞI


Dneprdə Ukrayna və yəhudi diaspor fəalları Xocalı soyqırımı barədə məlumatlandırılıb

Dnepr, 13 fevral, AZƏRTAC

Ukraynanın Dnepr şəhərində “Menora” adlı yəhudi diaspor mərkəzində “Qolodomor, Xolokost: tarixin dərsləri” mövzusunda dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, Ukrayna və yəhudi diaspor üzvlərinin, alimlərin iştirak etdikləri tədbirdə Dneprdə yaşayan diaspor nümayəndələrimiz “Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın sədri Sərxoş İsmayılov, diaspor fəalı, tarixçi Eldar Tağıyev də təmsil olunublar və XX əsrin böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə məlumat veriblər.

E.Tağıyev çıxışında bildirib ki, Xocalı və Holokost soyqırımları zaman etibarilə bir-birindən fərqli vaxtlarda törədilsə də, mahiyyətcə oxşar faciələrdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri eyni vəhşiliklərə məruz qalıblar. Bu faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə məhv edilib, 275 nəfər əsir götürülüb, 150 nəfər haqqında isə heç bir məlumat yoxdur.

Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və Holokost qurbanlarının xatirəsi ölkəmizdə hər il yad edilir. Yəhudi və Azərbaycan xalqları bir-birinin faciəsini dərk edir, yaxşı başa düşür. 1918-ci ildə Qubada yəhudi icmasının üzvləri də ermənilər tərəfindən soyqırımına məruz qalıb. Erməni cəlladları tərəfindən insanlığa qarşı törədilmiş qanlı soyqırımı hadisələrini unutmamalıyıq və soyqırımının beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı işlər aparmalıyıq.

Toplantıda iştirak edən digər millətlərin nümayəndələri birmənalı olaraq insanlığa qarşı törədilən cinayətlərin dünya birliyi tərəfindən şiddətlə qınanılmasının vacibliyini vurğulayıblar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Dnepr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.