DÜNYA
Dodon Moldovada ikinci müddətə prezidentliyə namizədliyini irəli sürür
Kişineu, 9 sentyabr, AZƏRTAC
Moldova Prezidenti İqor Dodon ikinci müddətə prezidentliyə namizədliyini irəli sürür. Bu gün Dodonun həmin vəzifəyə namizədliyi rəsmən irəli sürülüb.
AZƏRTAC “agora.md” saytına istinadla xəbər verir ki, Dodon bunu brifinqdə bəyan edib.
Bildirilir ki, Dodon onun namizədliyini dəstəkləyən seçicilərin imzalarının toplanması üzrə təşəbbüs qrupunun qeydiyyata alınması üçün bu gün Moldova Mərkəzi Seçki Komissiyasına müraciət edib.
O deyib: “Moldova vətəndaşlarının dəstəyinə güvəndiyim, prezident vəzifəsində olduğum birinci müddətdə həyata keçirilmiş sosial və iqtisadi təşəbbüsləri davam etdirməyin zəruriliyinə qəti inandığım üçün prezident seçkilərində iştirak etməyi qərara almışam”.
Dodon daha sonra bildirib ki, Moldovaya güclü və məsuliyyətli lider lazımdır.
Qeyd edək ki, Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək.
Dodon daha əvvəl Moldovada Konstitusiya islahatı barədə anons verib. Məsələn, parlamentdə deputatların sayının azaldılması təklif edilir, bir sıra başqa təşəbbüslər irəli sürülür.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu