MƏDƏNİYYƏT


Doğma ağaclar

Bakı, 6 noyabr, Süleyman Qaradağlı, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ətraf mühitin qorunmasına, ekoloji atmosferin saflaşmasına, yaşıllıqların artırılmasına göstərilən qayğı nümunəsi olmaqla yanaşı, həm də ana təbiətə və ağaclara olan məhəbbətin ifadəsidir. Böyük şairin yubileyi münasibətilə həyata keçirilən təşəbbüs ölkəmizdə bu qəbildən ilk tədbir olacaq.

Bəs şair və yazıçıların qələmə aldığı əsərlərdə ağac mövzusu, ağaclara olan məhəbbət öz ifadəsini necə tapıb? Onlar öz əsərlərində ağacları necə təsvir ediblər?

AZƏRTAC-ın müxbiri mövzuya məhz bu yöndən işıq tutmağa çalışıb.

“Hər kəsin ulduzu var”, – deyirlər, bəs hər kəsin ağacı necə? Ehtimal ki, bu suala müsbət cavab verənlər çox ola bilər. Çünki bizim həyatımız bu və ya digər şəkildə ağaclarla bağlıdır. Xüsusilə kənddə doğulanlar ağacların həyatımızda necə əhəmiyyətli bir rol oynadığını təsdiq edə bilərlər. Kənd uşaqlarının çoxunun beşiyi ağacın altında qurulub, yüyürüyü ağacdan asılıb. Ağacdan asılan yelləncəklərdə yellənə-yellənə böyümüşük.

Ağac təkcə meyvəsi ilə qidalanmaq, kölgəsində dincəlmək üçün deyil ki? Ağac ev üçün ən yaxşı tikinti materialıdır, döşəmə, sürahi, pilləkən həmin materialdan hazırlanır. Ağac odun-ocaqdı, qışda çırtaçırtla yanan odun sobasından gözəl nə ola bilər? Ağac beşikdə böyüdüyümüz kimi qocalanda da ağac tabuta girib dünyadan köçürük. Deməli, doğulandan son mənzilə qədər ağac bizim yol yoldaşımız, dostumuz, sirdaşımızdır. Bəlkə də elə buna görə dünyadan nakam gedən şair Akif Səməd məşhur şeirlərindən birində “Ağac yaxın, daş doğmadı, Adamdan Akif Səmədə” deyirdi.

Elə sənət adamı, elə yazıçı və şair var ki, onun adını çəkəndə hansısa bir ağac xatırlanır. Məsələn, rus şairi Sergey Yeseninin adını çəkəndə ağcaqayın ağacı yada düşdüyü kimi, Rəsul Rza və Nəbi Xəzrinin adını çəkəndə çinar, Toğrul Nərimanbəyovun adını çəkəndə nar ağacı yada düşür. Rəsul Rzanın şeirlərində çinar ağacının adı tez-tez çəkilir:

Demirəm Göyçayda basdırın məni,

Ancaq ki, riyakar gözlərdən uzaq

Aparın bir çayda basdırın məni.

...Yaşıl saçlarını sulara sallayan

Salxım söyüdlər ağlasın...

Çinar elə bir ağacdır ki, onu bir çox yazıçılar böyük məhəbbətlə vəsf ediblər. Mərhum Xalq yazıçısı Sabir Əhmədov doğma Cəbrayıldakı nəhəng çinarı tez-tez xatırlayırdı. Kənd həyatını ustalıqla təsvir edən yazıçının əsərlərində kəhrizin üstündəki tut ağacı da tez-tez yad edilir.

Dramaturq kimi ədəbiyyata əvəzsiz xidmətlər göstərən İlyas Əfəndiyevin yaradıcılığında təbiət əsas yerlərdən birini tutur. Onun məşhur “Söyüdlü arx” romanını xatırlamaq kifayətdir.

Məğrur və dözümlü palıd ağacı yazıçı İsi Məlikzadəyə çox doğmadır. “Dədə palıd” romanının müəllifinin digər əsərləri də bunu sübut edir. Təbiət mövzusu Xalq şairi Məmməd Arazın da yaradıcılığından qırmızı xətlə keçir.

Şeirlərində müxtəlif ağacların adını çəkən və onlara çox gözəl poetik dəyər verən Xalq şairi Musa Yaqub üçün də təbiət çox doğmadır. Həyətində dağdağan ağacı bitən şairin şeirlərində həmin ağaca həsr edilmiş xeyli şeir var. Onun poeziyasında armud, vələs, çinar və digər ağaclar haqqında olduqca təsirli misralara rast gəlirik.

Vaqif Bəhmənlinin yaradıcılığında şah tut çox tez-tez xatırlanır. Şeirlərinin birində məhz tut ağacının altında dünyaya gəldiyini qələmə alan şair onun haqqında məhrəm duyğularla söhbət açır.

Xalq şairi Ramiz Rövşənin yaradıcılığı üçün kötüyü simvol kimi qəbul etmək olar:

Başı kəsik gözəl kötük,

sızıldama, göynəmə,

Nə baltalar, nə bıçaqlar qalacaq.

Ucalıqdan yıxılsan da, qəm yemə,

Sən yıxılan ucalıqlar qalacaq...

Gənc yazıçı Şərif Ağayar “Ağ göl” əsərində iydə ağacını təsvir edir: “İydənin tumurcuqları düyünlənibsə qışın canı burnunun ucundadır, düymələnibsə yaz cilvələnməyə başlayıb artıq; az keçməmiş iydə çiçəyinin qoxusu hər yanı bürüyəcək, küləklərin ruhuna işləyəcək.... Yarpaqları şaxtadan tökülsə də, meyvələri çılpaq budaqların ucunda qalırdı. Böyük iydənin işarət barmağın ucu boyda dadlı meyvəsi olurdu. Nərmənazik qabığı deşildimi, sanardın içi un dolu balaca kisədir”.

Əlbəttə, nəinki şair və yazıçılar üçün, bəlkə də hər kəs üçün doğma olan hansısa ağac var. Onu bizə doğmalaşdıran yolumuzun üstündə bitməyi, ətrafında böyüməyimiz, xasiyyətimizdəki müəyyən uyğunluqlar, bənzəyişlər və s. ola bilər. Bizə doğma olan ağacları əzizləməyə və sevməyə dəyər...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.