MƏDƏNİYYƏT


“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 30 dekabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan olunan “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılışdan öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək müsabiqə haqqında məlumat verib.

Bildirib ki, müsabiqəyə regionlarından 1200-dən çox uşaq və yeniyetmə virtual qaydada 2000-dən çox əsər təqdim edib. Məlumat verilib ki, müsabiqənin şərtlərinə uyğun olaraq, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb, ən az müdaxilə (müəllim və valideynlər) olunmuş, həmçinin əvvəlcə təqdim olunmamış əsərlər seçilib.

Diqqətə çatdırılıb ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların Vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil edilib.

Müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb. Sonra nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.