REGİONLAR
“Doğma kəndimin azad edilməsi ad günümdə mənə ən böyük hədiyyə oldu” - Böyük Mərcanlı sakini VİDEO
Biləsuvar, 2 noyabr, A.Yavər, AZƏRTAC
Şanlı ordumuzun zəfər yürüşü nəticəsində ilk azad edilən yaşayış məntəqələrimizdən biri də Cəbrayılın Böyük Mərcanlı kəndidir. Bu tarixi gün – sentyabrın 27-si kənd sakinlərinin yaddaşında əbədi qalacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Mərcanlı sakinlərinin 27 illik həsrəti artıq başa çatdı. İndi kənd sakinləri ata-baba yurdlarına qayıdacağı günü gözləyirlər.
Böyük Mərcanlıdan olan müəllim Zaur Vəliyev deyib ki, bu sevinc hissləri Böyük Qələbə gününün uzaqda olmadığına işarədir: “Bu qələbə bizlərə qürur verir, ermənilərə isə bir zərbədir. Ordumuz qarşısında aciz qalan erməni faşistləri bizim dinc əhalini atəşə tutur. Cəbhədən kilometrlərlə uzada olan şəhərlərimizə atılan raketlər ermənilərin bir daha terrorçu olduğunu sübut edir. Güclü ordumuz döyüş meydanında faşistlərin cavabını verir və hər gün torpaqlarımızı azad edir”.
Həmsöhbətimiz vurğulayıb ki, Böyük Mərcanlının azad edilməsi onun üçün xüsusilə yaddaqalan olub. “Kəndimizin düşməndən azad olunduğu tarix ad günümə təsadüf etdiyi üçün mənə ən böyük hədiyyə oldu. İnanırıq ki, bütün torpaqlarımız işğaldan azad ediləcək və bayrağımız Qarabağda dalğalanacaq”, - deyə o əlavə edib.
Böyük Mərcanlıdan olan əməkdar müəllim Mahmud Musayev isə bildirib ki, ordumuzun ilk qələbə sevinci doğma Böyük Mərcanlı kəndindən gəldi. “Hər gün cəbhədən gələn qələbə xəbərləri bizi sevindirir. Bizim Böyük Mərcanlı 27 il idi ki, düşmən tapdağı altında idi, lakin ümidimiz, inamımız heç zaman ölmədi. Nəhayət, bu gün sevincimizin həddi-hüdudu yoxdur. Bu günə kimi Cəbrayılın tarixi, abidələri, milli qəhrəmanları haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkədə təbliğ etmişik. Şagirdləmizə bu barədə məlumatlar çatdırmışıq ki, doğma torpaqlarımız unudulmasın. Bizim bir şürarımız var idi, “Şəhidlər ölməz, Vətən bölünməz”. Həqiqətən də Vətənimizi bölə bilmədilər, bu gün həm torpaqlarımız azad edilir, həm də şəhidlərimizin qisası alınır”, - deyə o qeyd edib.