CƏMİYYƏT


Doğum ildönümü 85 il və diplomatik xidmətdə 58 illik fasiləsiz xidmət – Vəhdət Sultanzadənin taleyinin palindromu

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə 85 illiyini qeyd edir.

Vəhdət Sultanzadənin diplomatik fəaliyyəti 1960-70-ci illərdən başlayır. Azərbaycan Dövlət Universitetini Şərqşünas-İranşünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Vəhdət Sultanzadə Əfqanıstanda tərcüməçi kimi diplomatik karyerasına başlayıb (1962-1966). Sonra XX əsrin 70-ci illərində SSRİ-nin İrandakı səfirliyində işinə davam edir. Peşəkar diplomatın şəxsiyyətinin formalaşması prosesi 1979-cu il İran inqilabı ilə əlaqəli tarixi hadisələr zamanı baş verir. Sonra Sovet dövründəki diplomatik karyera Türkiyədə davam etdirildi, burada Vəhdət Sultanzadə altı il konsul qismində əvvəlcə SSRİ-nin, daha sonra İstanbulda Azərbaycan və Rusiya Federasiyasının maraqlarını təmsil edirdi (1988-1994). Dünya praktikasında ilk dəfə olaraq, ölkələrin rəhbərlərinin razılığına əsasən Vəhdət Sultanzadə iki il ərzində eyni zamanda iki ölkəni layiqincə təmsil edib.

Diplomatın peşəkar keyfiyyətləri və dövlətinə sədaqətini ümummilli lider Heydər Əliyev qeyd etmiş, Vəhdət Sultanzadəni Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatının İdarəsinin rəhbəri təyin edib və bununla da ona çətin diplomatik istiqamətlərdən birini - 53 müsəlman ölkəsi ilə əlaqələrə nəzarət etməyi etibar edib. 1994-cü ilin dekabrında ölkəmiz üçün vacib sənədlərin yüksək səviyyədə qəbul edilməsinə yol açan İslam Konfransı Təşkilatının sammitinə Mərakeşə səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyevi təşkilatçı qismində müşayiət edib. "Ermənistan və Azərbaycan arasındakı qarşıdurma haqqında" ilk qətnaməyə ilk dəfə olaraq "Ermənistan silahlı birləşmələri" ifadələri Ermənistanın birmənalı şəkildə təcavüzkar ölkə olduğunu göstərən terminlərə dəyişdirildi. Qətnamədə Ermənistanın Şuşa və Laçın da daxil olmaqla, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını geri çəkməsi tələbi yer almışdı.

Vəhdət Sultanzadənin peşəkarlığı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, ona yüksək etimad göstərilib. 2010-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə Vəhdət Sultanzadə Türkmənistanda fövqəladə və səlahiyyətli səfir, 5 il sonra isə eyni vaxtda Əfqanıstanda səfir təyin edilib. 10 ildən çox Türkmənistanda çalışdıqdan sonra diplomatik xidmətini tamamlayıb.

Vəhdət Sultanzadə respublikanın Təhsil Nazirliyi tərəfindən tədris vəsaiti olaraq tövsiyə olunan "Heydər Əliyev və Şərq" kitabının iki dəfə dərc olunan 6 cildlik nəşrinin müəllifidir. Eyni zamanda bu cildlərdən biri - "Heydər Əliyev və İran" adlı kitab müəllif tərəfindən fars dilinə tərcümə edilərək İranda yayılıb. Qocaman diplomat eyni zamanda bu sahədəki yarım əsrlik fəaliyyətinin bir hissəsini özündə ehtiva edən "Diplomatiya: daxildən baxış" kitabının müəllifidir.

AZƏRTAC qocaman diplomat Vəhdət Sultanzadəyə möhkəm cansağlığı və xoşbəxtlik arzu edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.