CƏMİYYƏT


Doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar kurslar təşkil olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Son illər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində xeyli irəliləyişlər əldə edilib. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Lənkəran, Quba, Sabirabad rayonlarında, Naxçıvan, Gəncə və Şəki şəhərlərində regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib və bunun nəticəsində şəhər və rayonlarda keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalsa da, problemlər hələ də var. Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il iyunun 13-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Həmin proqram çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezam olunub, yerli mütəxəssislərə müvafiq kömək göstəriblər.

Eyni zamanda, mütəxəssislər yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparıb və öz hesabatlarında problemləri həll etmək üçün müvafiq təkliflər veriblər. Bunlarla yanaşı, bilavasitə institutda da daimi müvafiq kursların keçirilməsi təşkil edilir.

Bir neçə gündür ki, Səhiyyə Nazirliyinin göstərişi ilə institutda mamalıq-ginekologiya, sosial gigiyena və səhiyyənin təşkili kafedraları birgə olaraq “Qadın məsləhətxanalarında mama-ginekologiya yardımının təşkili” mövzusunda kurs təşkil ediblər. Kursda müxtəlif bölgələrdən 20-yə yaxın baş həkim, şöbə müdiri və mama-ginekoloqlar iştirak edir. Üç həftə davam edən kursdan sonda müdavimlərin bilikləri imtahanlar vasitəsilə qiymətləndirilərək onlara sertifikatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.