SİYASƏT


Dohada Azərbaycan və Qətər politoloqları arasında görüşlər keçirilib

Qahirə, 24 noyabr, AZƏRTAC

Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohaya səfər edib.

AZƏRTAC xəbər verir ki, Ərəb Tədqiqat və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Azmi Bişara ilə keçirilən görüşdə 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbə qazanması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğu bildirilib. F.Şəfiyev qeyd edib ki, münaqişənin həll olunması ilə regionda dayanıqlı sülhə nail olmaq üçün yeni fürsət yaranıb.

Öz növbəsində A.Bişara Körfəz regionundakı siyasi proseslər haqqında məlumat verib. Tərəflər hər iki beyin mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı səfərlər barədə razılığa gəliblər.

Səfər çərçivəsində daha bir görüş Qətərdə yerləşən Corctaun Universitetinin nəzdində fəaliyyət göstərən Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbərliyi ilə keçirilib. Tərəflər enerji, ətraf mühit, təhlükəsizlik və digər regional məsələlərə dair birgə akademik tədqiqatların, elmi tədqiqatçıların qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə ediblər.

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov görüşlərdə iştirak edib.

Eyni zamanda, səfər zamanı Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzinin direktoru Sultan Barakat ilə də görüş keçirilib. F.Şəfiyev Azərbaycanın uzun illər humanitar böhrandan əziyyət çəkdiyini, xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinin bir milyona yaxın azərbaycanlının (o dövrdə hər yeddi azərbaycanlıdan biri) qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin ölkə üçün böyük fəlakət yaratdığını bildirib.

S.Barakat ərəb dünyasında, son vaxtlar isə Əfqanıstanda yaranmış humanitar böhranlar haqqında fikirlərini bölüşüb. Bütün dünyadakı böhranların idarə edilməsi üçün beynəlxalq ictimaiyyətin birgə çalışmasının vacibliyi vurğulanıb.

Görüşdən sonra F.Şəfiyev Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində akademik dairələr və Qətərdə akkreditasiya olunmuş bəzi diplomatik missiyaların nümayəndələri qarşısında mühazirə ilə çıxış edib.

Səfər çərçivəsində F.Şəfiyev, həmçinin “Əl-Cəzirə Mübaşər” televiziyasına Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı müsahibə verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.