MƏDƏNİYYƏT
Doktor Bilal Çakıcı: TÜRKSOY bundan sonra da Səməd Behrənginin yaradıcılığının təbliğinə diqqətlə yanaşacaq
Ankara, 26 yanvar, AZƏRTAC
Səməd Behrənginin yaratdığı əsərlər tarixin bütün dövrlərində oxuculara ibarəmiz təəssürat yaradıb. Çünki onun yaradıcılığının, bütün ədəbi fəaliyyətinin təməli sağlam və məqsədyönlüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini, doktor Bilal Çakıcı ifadə edib.
Türk dünyasının tarixi şəxsiyyətlərinin və bədii əsərlərimizin təbliğinin TÜRKSOY-un fəaliyyətində mühüm bir istiqamət olduğunu diqqətə çatdıran B.Çakıcı deyib: “Zəngin tarixi mədəniyyətə sahib olan türksoylu xalqların dünəni və bu günü arasında körpü yaratmağın bir yolu da Səməd Behrəngi kimi nadir şəxsiyyətləri təbliğ etmək, əsərlərinin yayılma coğrafiyasını genişləndirməkdir. Təbriz doğumlu, Azərbaycan türkü olan Səməd Behrəngi çoxşaxəli yaradıcılığı ilə dünya bədii ədəbiyyatına nadir incilər bəxş edib. Onun əsərlərinin araşdırılması tarixin bütün dövrlərində tədqiqatçılar üçün maraqlı olub və aktuallığını bu gün də saxlayır. Səməd Behrənginin əsərləri bütün türk dünyası üçün faydalı və qürur mənbəyidir. TÜRKSOY bundan sonra da böyük yazıçının həyat və yaradıcılığının təbliğinə diqqətlə yanaşacaq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara