ELM VƏ TƏHSİL
Doktorant və dissertantlar “ORCID” sistemi barədə məlumatlandırılıb
Bakı, 18 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Şükür Aslanov doktorant və dissertantlar üçün “Əməkdaşların və elmi işçilərin elmi jurnallarda məqalələrinin dərc olunması üçün ORCID nömrələrinin alınması qaydası“ mövzusunda seminar keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda təlimçi “ORCID” kodunun mahiyyəti və faydaları, bu kodun tədqiqatçı üçün üstünlükləri, onun necə əldə edilməsi, “ORCID” hesablarının yaradılması, parolların təyin edilməsi, texniki dəyişikliklər barədə məlumat verib. Qeyd olunub ki, “ORCID” tədqiqatçıların məlumatlarını dünya müstəvisində paylaşa bilməsi və tanınması üçün genişmiqyaslı bir kodlaşma sistemidir. Başqa sözlə, elm adamlarını tanıtdırmaq üçün istifadə edilən beynəlxalq sistemdir. “ORCID” sistemi 2012-ci ildə tədqiqatçı, araşdırmaçı, yazar, alimlər üçün istifadəyə verilib. Hazırda bir çox elmi və akademik sistemlər “ORCID” bazası ilə yaxından əməkdaşlıq edir.
Təqdimatdan sonra iştirakçiların suallarını Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov cavablandırıb.